Elm adamlarının orta yaş həddi yuxarıdır - Anar İsgəndərov

12:15 12.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Müasir dünyanın tələblərinə uyğun ölkəmizdə də milli təhsil sistemi formalaşdırmaq və nizamlı inkişafa malik olmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdən biri kimi zəruridir. Təhsil və elm sektoruna ayrılan diqqət, eləcə də bu sahədə mövcud problemlərin həlli strateji yanaşma və təxirəsalınmaz islahatların aparılmasını tələb etməklə yanaşı, elm və təhsilə ayrılan diqqətin, görülən işlərin, aparılan islahatların müasir dövrümüzün tələbləri ilə nə dərəcədə uzlaşması birmənalı qarşılanmır. Ölkəmizdə elm və təhsil sahəsində görülən işlər qlobal dünyanın tələbləri ilə nə dərəcədə səsləşə bilir? Bu və ya digər məsələlərlə bağlı suallarımızı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov cavablandırır:

- Prezidentin son Sərəncamı ilə bir çox elmi institutlar publik hüquqi şəxs oldu və iki insititut yaradıldı. Bu islahatlar nədən xəbər verir?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vaxtilə Milli Elmlər Akademiyasının tərkibindən çıxarılıb Elm və Təhsil Nazirliyinə verilən institutlarla bağlı Sərəncam imzalamışdı. Sərəncama görə, oxşar profildən olan institutlar birləşdirilir, bir neçəsinə publik hüquqi şəxs statusu verilir, bir neçəsi ali təhsil müəssisələrinə birləşdirilir, iki yeni institut yaradılır. Bu sərəncam həm elmin, həm də təhsilin inkişafına müsbət təsir edən hadisədir.

İnkişaf etmiş ölkələrdə elm, təhsil və tədqiqatlar bir yerdə cəmlənir, bu təcrübə özünü doğruldub. Azərbaycan da dünya təcrübəsindən istifadə edərək bu yola üstünlük verir. Dövlət başçısının bu sərəncamından sonra elm, təhsil və elmi tədqiqatların bir əldən idarə olunması üçün münbit şərait yaranır. Yəqin ki, yaxın gələcəkdə elmi tədqiqat institutlarının birgə fəaliyyət göstərməsi üçün bütün maneələr aradan qaldırılacaq.

- Azərbaycan Milli Elmlər Akademiyasının mövcudluğu ilə bağlı həmişə fikirlər birmənalı olmayıb. Çoxları onu sovet mirasının qalığı hesab edir. Bunun əksini düşünənlər də az deyil. Sizcə, bu gün AMEA-nın varlığına ehtiyac varmı?

- Elmlər Akademiyası elm ocağıdır. Yaddan çıxarmaq lazım deyil ki, bu elm ocağı yarandığı gündən bu günə kimi Azərbaycanın maraqlarını müdafiə edib və edir. Uzun illər Azərbaycanın elm adamları Akademiyada çalışır və elmin bütün sahələrində böyük uğurlar qazanmışdılar. Neft sahəsində böyük şöhrət qazanan alimlərimiz Akademiyanın yetirmələri olmuşlar. “Dağlıq Qarabağ”la bağlı erməni iddialarına ilk inkaredilməz cavab Akademiyada çalışan tarixçilərimizdən gəldi. Azərbaycan tarix elmində əvəzsiz xidmətləri olan Ziya Bünyadov Akademiyada Şərqşünaslıq İnstitutuna rəhbərlik edirdi. Doğrudur, bu gün Akademiya əvvəlki gücündə deyil. Sovet dövlətinin süqutundan sonra bir çox keçmiş müttəfiq respublikalarda Akademiya ləğv olundu, bəziləri statusunda dəyişikliklər etdilər. Azərbaycanda da bu istiqamətdə köklü işlər aparılır. Azərbaycan Milli Elmlər Akademiyası deyiləndə Azərbaycanın dövlət başçısının sərəncamında adıçəkilən institutlar yoxdur. Akademiya ictimai və humanitar sahə üzrə məşğul olan institutlardan ibarətdir.

- Azərbaycan niyə elmdən pul qazana bilmir? Səbəblərini nədə görürsünüz?

- Ədalət naminə qeyd etmək lazımdır ki, sovet dönəmində müttəfiq respublikaların sahə institutları arasında güclü inteqrasiya mövcud idi. Bu əlaqələr qırılandan sonra sahə institutlarının özlərini saxlamaq imkanları tükəndi. Azərbaycan müharibə girdabına salındı. Torpaqlarının 20 faizi işğal olundu. Gələcəkdə sahə institutlarının özlərini maliyyələşdirməsi üçün yeni yol xəritələri işləməli və yeni hədəflər müəyyən etməlidirlər.

- Bu gün azərbaycanlı elm adamlarının, alimlərinin orta yaş həddi çox yüksəkdir. Bu nə ilə bağlıdır? Belə qeydlər də var ki, bu, gənclərin elmə marağının olmamasının, yaxud başqa amillərin təsirinin nəticəsidir?

- Bəli, mən də sizinlə razıyam ki, elm adamlarının orta yaş həddi yuxarıdır. Mövcud statistika bunu təsdiq edir. Amma gənclərin elmə marağı azalıb fikri ilə razı deyiləm. Bu gün Azərbaycanın gəncləri dünyanın ən nufuzlu ali məktəblərində təhsilin bakalavr və magistr pillələrində böyük uğurlara imza atır. Dünyanın inkişaf etmiş ölkələrində minlərlə azərbaycanlı gənc çalışır. Bunları da dilə gətirmək lazımdır. 44 günlük Vətən Müharibəsində nəyə qadir olduğunu bütün dünyaya sübut edən Azərbaycan gəncliyi, elm sahəsində də özünü sübut edəcək.

- Dünya təcrübəsində elmi laboratoriyalar, mərkəzlər universitetlərin daxilində fəaliyyət göstərir. Bu gün Azərbaycan universitetlərinin belə bir imkanı, potensialı varmı?

- Bəli, Azərbaycanda da dünya təcrübəsinə istinadlar mövcuddur. Gələcəkdə elmi tədqiqatların Universitetdə cəmlənməsi prosesi başlayıb. Prezidentin sərəncamında Sumqayıt və Gəncə şəhərlərində sahə institutlarının Universitetlərə birləşdirilməsi buna əyani misaldır.

- Elmi adların verilməsi də həmişə aktual mövzu olaraq qalır. Bəzən, hətta dosent adını almaq üçün illərlə gözləməli olursan. Necə fikirləşirsiniz, elmi adların verilməsi qaydalarının dəyişdirilməsinin vaxtı çatmayıbmı?

- Elmi adların verilməsi ilə bağlı heç bir problem yoxdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Antropologiya ixtisası üzrə Ekspert Şurasının sədri kimi deyirəm - elmi adların və elmi dərəcələrin verilməsində heç bir problem yoxdur, hər şey şəffafdır. Buna şübhəniz olmasın.

- Büdcədən elmin inkişafına ayrılan məbləğ də deputatlar arasında müəyyən vaxtlarda narazılıq yaradıb. Bu məsələdəki mövqeyiniz də maraqlı olardı...

- ⁠Elmə və təhsilə ayrılan büdcə müzakirə olunarkən narazılıq yaratmır. Əksinə, elm və təhsilə ayrılan büdcənin yetərliyinə əmin olmaq üçün müzakirələr uzun çəkir. Elm və təhsil komitəsinin sədri kimi daha çox maraqlıyam ki, daha çox məktəb, bağça tikilsin, daha çox elmi-tədqiqat laboratoriya qurulsun və sair.